img
Bakı Zooloji Parkı

Elan və Xəbərlər

img

Bakı Zooloji Parkı ziyarətçilər üçün açılıb

7 oktyabr tarixində təmir-quruculuq işlərindən sonra qapılarını yenidən ziyarətçilərə açan Bakı Zooloji Parkının açılış mərasimi keçirilib.

Tədbir zamanı yeni Bakı Zooloji Parkında yaradılan şərait və köhnə yerdə yeni evlərinə köçürülmüş heyvanların hazırkı vəziyyəti ilə tanışlıq keçirilib.  

Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Zooloji Parkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl,  hovuzlar və baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.  


Zooloji Parkın kompleksi ziyarətçilər üçün daha rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.

Qeyd edilməlidir ki, yenidənqurma işləri zamanı ərazidə mövcud olan ağac və kolların tam qorunub saxlanmasına xüsusi diqqət yetirilib. Ümumiyyətlə, abadlaşdırılan və yaşıllıq sahəsi 6700 m 2-ə çatdırılan Zooloji Parkda daha təbii mühit yaradılıb ki, bu həm heyvanların rifahını, həm də qonaqların xoş ziyarətlərini təmin etməkdə vacib rol oynayacaq.

Digər yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi yaradılıb. Zooloji Park hamının, o cümlədən fiziki qüsurlu şəxslərin, bütün yaş qruplarından olan ziyarətçilərin istirahət edə və maariflənə biləcəyi məkana çevrilib.

Bakı Zooloji Parkının yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi ilə qeyd edilməlidir. Bakı Zooloji Parkının əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın Qırmızı Kitabına daxil olan növlərin təbii populyasiyaların artırılması və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün münbit şərait yaradılıb.

Eyni zamanda, heyvanların rifahının və vəhşi təbiətin mühafizəsinin əhəmiyyətini nəzərə alaraq, Zooloji Parka yeni heyvanların gətirilməməsi, bəzi hallarda Zooloji Parkda yalnız qanunsuz olaraq saxlanılan və ya xilas edilən vəhşi heyvanların sığınacaq tapması nəzərdə tutulur.