img
Bakı Zooloji Parkı

Çoxaltma

Yenilənmiş Bakı Zooloji Parkı ziyarətçilər üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilmişdir. Müasir Zooloji Parkın ən mühüm vəzifələrindən biri canlı aləmi qorumaq, faunamızın nadir və nəsli kəsilməkdə olan növlərini çoxaldaraq təbiətimizə qaytarmaqdır.

Bakı Zooloji Parkında 125 növ heyvan təbii areallarına çox yaxın şəraitdə sığınacaq tapıblar. Onlardan 22-si Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmişdir. Çoxalma proqramı sayəsində sayı az olan bu növləri artıraraq yenidən vəhşi təbiətə qaytarmaq mümkündür. Bu zaman hansı heyvanların çoxalma üçün həm fenotipik, həm də genotipik cəhətdən uyğun olduğu nəzərə alınmalıdır.

Çoxalma proqramı ilk öncə Zooloji Parkımızda olan və Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilən qızılquşkimilərə tətbiq olunacaqdır. Bakı Zooloji Parkında qızılquşkimilərdən saqqallı quzugötürən, leşcil ağqartal, keçəl qarakərkəs və ağbaş kərkəs  qorunmaqdadır.

Saqqallı quzugötürən 5-6 kq çəkiyə malik iri yırtıcıdır. Çənəsinin altında sərt qıl lələklərdən ibarət “saqqal” var. “Quzugötürən” adlansa da heç bir ev heyvanına hücum etməsi qeydə alınmamışdır. Azərbaycanda dağların alp və nival qurşaqlarında nəsil verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Böyük Qafqazın Azərbaycana məxsus yüksək dağlıq hissəsində 5 cütü qalıb. Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında, Şahdağ, Zəngəzur və Göygöl Milli Parklarında nəzarət altında saxlanılır.

Leşcil ağqartalın ümumi rəngi ağ, çalma lələkləri qaradır. Əsas yemi leşdir. Bu quşlar Azərbaycanda dağətəyi və dağlıq sahələrdə məskunlaşıb. Şərqi Qafqaz dağ meşələri, Kiçik Qafqaz yüksək dağlığı, Şamaxı-Altıağac, Naxçıvan orta dağlığı, Talış bozqırları, Qobustan, Böyük və Kiçik Qafqaz dağətəyi sahələrində nəsil verir. Hal-hazırda ölkəmizdə cəmi 40 cütü qalıb.

Keçəl qarakərkəs 12-13 kq çəkili iri quşdur. Ümumi rəngi qonur, çalma lələkləri qaradır. Başı keçəl olub, qonur qu lələklərlə örtülüdür. Azərbaycanda dağətəyi və dağlıq sahələrdə məskunlaşıb. Coğrafi yayılması olduğu kimi qalır, lakin sayı azalaraq 38 olub.

Ağbaş kərkəsin başı və boynu qısa ağ qu lələkləri ilə örtülmüşdür. Sıldırım qayalıqlarda yaşayır. Dağlıq rayonlarda nəsil verir. 2007-2008-ci illərdə 86 quş sayılıb.

Bu quşların ovlanmaları qadağan edilmişdir. Respublikamızda vaxtilə kifayət qədər olmuşlar. Lakin sonralar ovlanmaları, qidalarının azalması, ağacların qırılması səbəbindən sayları kəskin azalmışdır. Bakı Zooloji Parkında adları sadalanan quşlar və digər “Qırmızı Kitab”a daxil olan heyvanların saylarının bərpası, onların ölkə təbiətinə reintroduksiyası planlaşdırılır.