img
Bakı Zooloji Parkı

Xoş Gəlmişsiniz

img
img
Əvvəlki Zooloji Park
Əvvəlki

Bakı
Zooloji Parkı

Bakı Zooloji Parkı, 1928-ci ildə Bakı şəhərinin keçmiş Lunaçarski, indiki Nizami parkında kiçik bir guşə kimi fəaliyyət göstərmişdir. 2 Yanvar 1942-ci ildə isə bu canlı guşə əsasında Zooloji Park yaradılmışdır.

80-ci illərə qədər Zooloji Park Bayıl qəsəbəsində 1 hektarlıq ərazidə fəaliyyət göstərirdi. 1982-ci ildən 2,25 ha ərazi istifadəyə verildi. Zooloji Parkın gələcək inkişafını təmin etmək məqsədilə Bakı şəhər İcra hakimiyyəti tərəfindən 2001-ci ildə ərazisi 2 ha artırılmış, hazırda isə  4,25 ha təşkil edir.

1995-ci ildən etibarən Bakı Zooloji Parkında 60 növ məskunlaşmış və  ötən illər ərzində isə bir çox yeniliklər olmuşdur. Bu zaman müddətində Zooloji Parka cırtdan marallar (muntcaq), kenquru, Kuba zebusu, xallı maral, alpak, lama, Amur pələngi, bəbir, yaquar, uzunquyruq meymunlar, flaminqolar,Yapon durnası, taclı durna, sultan toyuqları, qırqovullar, müxtəlif ekzotik quşlar, Nil timsahı, piton, anakonda, iquana gətirilmiş, onların həyat tərzinə uyğun volyerlər, sürünənlər üçün terrarium yaradılmış, 30 iri həcmli akvariumda müxtəlif növ tropik ölkələrdə yaşayan balıqlar qorunmağa başlanılmışdır.

Azərbaycan Respublikasının qanununa əsasən Bakı şəhər Heyvanat Parkı “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri” siyahısına qəbul olunmuşdur.

Bakı Zooloji Parkı 1995-ci ildən “Avroasiya Regional Zooparklar və Akvariumlar Assosiyasiya”-nın üzvüdür.

2017-ci ildə Bakı Zooloji Parkında əsaslı təmir işləri başlanılmış və 2021-ci ilin 7 oktyabrında Zooloji Parkın açılışı olmuşdur.

Yenilənmiş

Bakı
Zooloji Parkı

2021-ci il 7 oktyabr tarixində təmir-quruculuq işlərindən sonra qapılarını yenidən ziyarətçilərə açan Bakı Zooloji Parkının açılış mərasimi keçirilmişdir.

Tədbir zamanı yeni Bakı Zooloji Parkında yaradılan şərait və köhnə yerdə yeni evlərinə köçürülmüş heyvanların hazırkı vəziyyəti ilə tanışlıq keçirilmişdir.

Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Zooloji Parkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl, hovuzlar və baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.

Zooloji Parkın kompleksi ziyarətçilər üçün daha rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.

Qeyd edilməlidir ki, yenidənqurma işləri zamanı ərazidə mövcud olan ağac və kolların tam qorunub saxlanmasına xüsusi diqqət yetirilib. Ümumiyyətlə, abadlaşdırılan və yaşıllıq sahəsi 6700 m 2-ə çatdırılan Zooloji Parkda daha təbii mühit yaradılıb ki, bu həm heyvanların rifahını, həm də qonaqların xoş ziyarətlərini təmin etməkdə vacib rol oynayacaq.

Digər yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi yaradılıb. Zooloji Park hamının, o cümlədən, fiziki qüsurlu şəxslərin, bütün yaş qruplarından olan ziyarətçilərin istirahət edə və maariflənə biləcəyi məkana çevrilib.

Bakı Zooloji Parkının yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi ilə qeyd edilməlidir. Zooloji Parkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın Qırmızı Kitabına daxil olan növlərin təbii populyasiyalarının  artırılması və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün münbit şərait yaradılıb.
Eyni zamanda, heyvanların rifahının və vəhşi təbiətin mühafizəsinin əhəmiyyətini nəzərə alaraq, Zooloji Parka yeni heyvanların gətirilməməsi, bəzi hallarda Zooloji Parkda yalnız qanunsuz olaraq saxlanılan və ya xilas edilən vəhşi heyvanların sığınacaq tapması nəzərdə tutulur.

Hal-hazırda Bakı Zooloji Parkında 125 növ heyvan təbii areallarına çox yaxın şəraitdə öz yerlərini tapıblar. Onlardan 22-si Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir. Bakı şəhər Heyvanat Parkında Amur pələngi, Afrika aslanı, bəbir, yaquar, zebra, bizon, qonur ayı, xallı maral, nəcib maral, alpak, lama, kenquru, yallı qoyun, canavar, tülkü, müxtəlif növ meymunlar və digər məməli heyvanlara qulluq edilir. Zooloji Parkda müxtəlif növ su quşları (qızıl qaz, qutan, ördək və qu növləri), yırtıcı quşlar (berkut, ağbaş kərkəs, qara kərkəs, məzar qartalı, ağquyruq dəniz qartalı, yapalaq), ekzotik quşlar (ara, kakadu, jako, rozella, Amazon tutuquşusu), qırqovullar, tovuzquşları, sultan toyuqları, Yapon durnası sığınacaq tapıblar. Sürünən heyvanlardan isə ilanlar, timsahlar, iquana, balıqlar, tısbağalara rahat şərait yaradılıb. 

Canlı
850
Növ
125
Ziyarətçi
60.000
img
Yenilənmiş Zooloji Park