img
Bakı Zooloji Parkı

Fərqli Xidmətlər

Ziyarətçilər Bakı Zooloji Parkı ərazisində həm sığınacaq tapmış heyvanlarla tanış olub, həmdə əyləncəli vaxt keçirə bilərlər. Belə ki, ərazidə uşaq meydançası, lektoriya, suvenir mağazası, kafe fəaliyyət göstərir. Zooloji Park hamının, o cümlədən fiziki qüsurlu şəxslərin, bütün yaş qruplarından olan ziyarətçilərin istirahət edə və maariflənə biləcəyi məkana çevrilib.

Zooloji Parkın yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi ilə qeyd edilməlidir. Bakı Zooloji Parkının əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın “Qırmızı Kitab”ına daxil olan növlərin təbii populyasiyalarının artırılması və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün münbit şərait yaradılıb.

Lektoriya
Zooloji Parkda əyani şəkildə tanış olduğunuz heyvanlar barədə həmçinin, nəzəri biliklər də əldə edə bilərsiniz. Lektoriyada heyvanların həyat tərzi, xarakterik xüsusiyyətləri, biologiyası, ekologiyası haqqında müxtəlif seminar və treninqlər, ekoloji mövzularda ustad dərsləri keçirilir. Seminar və treninqlər uşaqların bilik səviyyəsinin artmasında, ustad dərslər isə bacarıqlarını kəşf etmələrində mühüm rol oynayır. Balacalar üçün hər gün heyvanlar haqqında cizgi filmlər nümayiş olunur. Lektoriyada uşaqlar sual-cavablarda iştirak edib, müzakirələrə qoşularaq Zooloji Parkda sığınacaq tapan və Azərbaycanın “Qırmızı Kitab”ına daxil olan heyvanlar barədə ətraflı məlumatlar öyrənə, heyvanlar aləmi ilə daha yaxından tanış ola bilərlər. Bütün bunlar isə balacalarda təbiətimizə qarşı qayğı və sevgi hissinin formalaşmasına, təbiətin insanların həyatında mühüm rol oynadığını dərk etmələrinə yardımçı olur.
Kafe
Bakı Zooloji Parkı ərazisində fəaliyyət göstərən kafe özünəməxsus dizayn və dekorasiya ilə bəzədilmişdir. Cizgi film personajlarını özündə əks etdirən kafenin dekorasiyası nəinki balacaların, həmçinin böyüklərin də diqqətini cəlb edir. Kafedə müxtəlif çeşidli dadlı yeməklər və içkilər ziyarətçilərə təqdim olunur. Qonaqların ad günü, şənliklər, kiçik yığınacaqlarını keçirmələri üçün də şərait yaradılmışdır. Ziyarətçilər bir tərəfdən burada sevdikləri ilə xoş anlar keçirərkən, digər tərəfdən də Zooloji Park ərazisini seyr edə bilərlər. Bu baxımdan kafe gələn qonaqlarda böyük marağa səbəb olur. Kafenin maraqlı dekorasiyası, dadından doymayacağınız yeməkləri və gülərüz işçiləri sizi və sevdiklərinizi məftun edəcək.
Uşaq meydançası
Zooloji Park ərazisində uşaqlar üçün əyləncələr də mövcuddur. Valideynlər istirahət edərkən, balacalar uşaq meydançasında əylənə bilərlər. Oyun meydançası uşaqların fiziki və zehni inkişafına kömək edir, yaradıcılıqlarını artırır, onları ictimailəşdirir və əyləndirir. Uşaqlar oyun vasitəsilə daim öyrənirlər - yeni dostlar qazanır, paylaşır, digər uşaqlarla ünsiyyət qururlar. Balacalar Zooloji Parkla tanış olub, meydançada həmyaşıdları ilə oynamaqdan bol enerji toplayıb, məmnun qalacaqlar.
Kontakt zoopark
Sizi kontakt zooparkda gözəl gün keçirməyə və sevdiyiniz heyvanlarla daha yaxından tanış olmağa dəvət edirik. Zooloji Parklarda klassik olaraq, “Heyvanları yemləməyin!”, “Volyerlərdən uzaq durun!” kimi şüarlar səslənir. Lakin kontakt zooparkda bu şüarlar yoxdur, əksinə, ziyarətçilərin heyvanlara qayğı göstərib, onlarla təmasda olmaları üçün şərait yaradılır. Kontakt zooparkda ev heyvanlarından cırtdan keçi, qoyun, Çin ipək toyuğu, tutuquşu, dovşan, dəniz donuzcuğu, poni saxlanılır. Uşaqlar bu heyvanlara qulluq edib, yemləməklə, onlara öz sevgi və qayğılarını göstərə bilərlər.
Suvenir mağaza
Zooloji Parkı ziyarət edən qonaqlar suvenir mağazasından xatirə hədiyyələr ala bilərlər. Mağaza təbiət mövzusuna aid gözəl və maraqlı hədiyyələrlə doludur. Burada müxtəlif dillərdə heyvanlar haqqında illüstrativ kitablar, oyuncaqlar, Bakı Zooloji Parkın loqosu və yazısı olan köynəklər, fincanlar əldə edə bilərlər.
Poni ilə gəzinti
Ponilər kiçik atlardır. Onlar qısa ayaqları, qalın boyunları, yalları və quyruqları ilə fərqlənirlər. Ponilər ağıllı və mehriban olduqları üçün düzgün öyrədilmiş bu heyvanlar, minməyi öyrənən uşaqlar üçün uyğun atlardır. Zooloji Parkın ərazisində poni ilə gəzinti üçün xüsusi meydança ayrılmışdır. Bu meydançada balacalar poni üstündə gəzərək əyləncəli dəqiqələr keçirə, onlara qayğı göstərib, birgə şəkillər çəkdirə bilərlər.