img
Bakı Zooloji Parkı

Elan və Xəbərlər

img

Bakı Zooloji Parkında şir balası dünyaya gəlib

23.11.2021 tarixində Bakı Zooloji Parkının yeni sakini - olduqca sevimli şir balası dünyaya gəlib.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooloji Parkını ziyarət edərək şir balasına baş çəkib, onun vəziyyəti və saxlandığı şərait ilə tanış olub.

Bala hal-hazırda karantində, baytar həkim və Zooloji Park əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır,  daha sonra valideynlərinə qovuşacaq.

Təxminən 3 kq çəkisi olan dişi cinsli şir balasının doğulması ilə Zooloji Parkda yerləşən şirlərin sayı 5-ə çatıb.

Xatırladaq ki, yenidən qurulmuş Bakı Zooloji Parkı cari ilin oktyabr ayında qapılarını yenidən ziyarətçilərə açmışdır. Zooloji Parkda saxlanılan heyvanlar üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl, hovuzlar və baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.

Bakı Zooloji Parkının yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi ilə qeyd edilməlidir. Belə ki, Zooloji Parkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın Qırmızı Kitabına daxil olan növlərin təbii populyasiyalarının artırılması və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün əlverişli şərait yaradılıb.