Elan və Xəbərlər
Bakı Zooloji Parkında Amur pələngi balaları doğulub
Bakı Zooloji Parkında 15.01.2023 tarixində 1 erkək, 2 dişi olmaqla, 1000-1200 qr çəkili 3 Amur pələngi balası doğulub. Həmçinin Bakı Zooloji Parkında 15.04.2022 və 30.08.2022 tarixində daha 2 pələng balası doğulmuşdur. Balalar ilk gündən etibarən ana südü ilə qidalanır, daimi analarının nəzarəti altındadırlar. Bala pələnglərin dünyaya gəlməsi möhtəşəm hadisədir, çünki pələnglər digər məməlilər kimi sürətlə çoxalmır.
Balalar gözləri bağlı şəkildə doğulur, təxminən 2 həftə sonra görə bilirlər. Onlar 8-ci həftədən etibarən ət yeməyə başlayır, 11 aylarından ov edir və təqribən 2 ilə yaxın anaları ilə birgə yaşayırlar.
Pələng yarımnövləri içərisində böyüklüyünə görə birinci olan Amur pələngi (Panthera tigris altaica) qütb və qonur ayıdan sonra isə quruda yaşayan üçüncü ən böyük ətyeyəndir. Amur pələnginin yayılma arealı Rusiya və Çindir. Rusiya Federasiyasının “Qırmızı Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqına (IUCN) daxil edilmiş və nəsli kəsilmək üzrə olanlar siyahısına salınmışdır. Sayının azalması insan tərəfindən təqib olunub ovlanması və təbii arealının azalması ilə əlaqədardır. 1930-cu ildə Rusiyada 30-dan az fərd qalmışdı, lakin 20-ci əsrin ortalarında Amur pələnginin ovlanmasına qadağa qoyulması qərara alındıqdan sonra saylarında artım müşahidə olundu. Nəticədə, 1990-cı ildə sayı 400-ə çatmışdır.
Qeyd edək ki, Bakı Zooloji Parkı təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır. Yeni Zooloji Parkın əsas məqsədi Azərbaycanın “Qırmızı Kitab”ına daxil, sayı azalan və nəsli kəsilmək üzrə olan heyvan növlərinin qorunub saxlanılması, onların çoxaldılması və yenidən təbiətə buraxılmasıdır. Zooloji Park Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bir sıra reintroduksiya proqramlarında əməkdaşlıq edir. Belə ki, Azərbaycanın “Qırmızı Kitab”ına daxil olan nəcib maral və ceyranlar Zooloji Park ərazisində sayı artırılaraq yenidən təbii areallarına qaytarılmışdır. Hal-hazırda Dağıstan turu və Hindistan tirəndazının reintroduksiyası üzrə hazırlıq işləri aparılır.