Elan və Xəbərlər
Bakı Zooloji Parkında ayı balaları doğulub
Bakı Zooloji Parkında ilk dəfə 30.01.2023 tarixində Azərbaycanın “Qırmızı Kitab”ına daxil olan qonur ayı növünün 800-870 qr çəkili 2 balası doğulub.
Ayı balaları doğulan zaman gözləri bağlı və bədənləri nazik tüklə örtülü vəziyyətdə olur. 3-4 ay ana südü ilə qidalanır, üçüncü aydan etibarən giləmeyvə, həşəratlar yeməyə başlayırlar. Balalar ana ilə birgə 3 il yaşayırlar və bu müddət ərzində onlar anadan tam asılı olurlar. Ana fərd daima balalarını müdafiə edir, onlara üzməyi, şikarı ovlamağı, təhlükədən qorunmağı öyrədir.
Qonur ayı (Ursus arctos) qütb ayısından sonra quruda yaşayan ikinci ən böyük ətyeyəndir. Yayılma arealı Şimali Amerika, Mərkəzi Asiya, Orta Şərqi Asiya və Avropadır. Növ Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqına (IUCN) daxil edilmiş və az qayğı tələb edənlər siyahısına salınmışdır. Sayının 200000-dən çox olduğu güman edilir.
Qeyd edək ki, Bakı Zooloji Parkı təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır. Yeni Zooloji Parkın əsas məqsədi Azərbaycanın “Qırmızı Kitab”ına daxil, sayı azalan və nəsli kəsilmək üzrə olan heyvan növlərinin qorunub saxlanılması, onların çoxaldılması və yenidən təbiətə buraxılmasıdır. Zooloji Park Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bir sıra reintroduksiya proqramlarında əməkdaşlıq edir. Belə ki, Azərbaycanın “Qırmızı Kitab”ına daxil olan nəcib maral və ceyranlar Zooloji Park ərazisində sayı artırılaraq yenidən təbii areallarına qaytarılmışdır. Hal-hazırda Dağıstan turu və Hindistan tirəndazının reintroduksiyası üzrə hazırlıq işləri aparılır.