Elan və Xəbərlər

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib
Bakı Zooloji Parkında biomüxtəlifliyin qorunması istiqamətində
sevindirici və mühüm bir hadisə qeydə alınıb. Nəsli kəsilmək təhlükəsi
altında olan Amur pələnginin 2 balası dünyaya gəlib.
Amur pələngi öz yarımnövləri içərisində böyüklüyünə görə
birincidir. O, qütb və qonur ayıdan sonra quruda yaşayan üçüncü ən böyük
yırtıcı hesab olunur. Təbii arealı əsasən Uzaq Şərqi və Çini əhatə edir.
Hazırda bu növ Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) "Qırmızı
siyahı"sına və Rusiya Federasiyasının “Qırmızı Kitab”ına daxil edilib.
Qeyd edək ki, Bakı Zooloji Parkı təbiətin mühafizəsi və
biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır. Parkın əsas məqsədi
Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş, sayı azalan və nəsli
kəsilmək təhlükəsi altında olan heyvan növlərinin qorunub saxlanılması,
onların çoxaldılması və yenidən təbiətə buraxılmasıdır.
Belə ki, Azərbaycanın “Qırmızı Kitab”ına daxil olan nəcib maral və
ceyranların, eləcə də Dağıstan turu və Hindistan tirəndazının Zooloji
Parkın ərazisində sayı artırılaraq yenidən təbii areallarına qaytarılıb.
