img
Bakı Zooloji Parkı

Elan və Xəbərlər

img

Görünüşcə dırnaqlılara bənzəyən uzunayaqlı gəmirici-Pataqoniya marası artıq Bakı Zooloji Parkındadır.

Bakı Zooloji Parkına Belçikanın “Tropic Zoo” Heyvanat Parkından iki erkək, iki dişi olmaqla, dörd baş Pataqoniya marası (Dolichotis patagonum) gətirilib.

Parkın yeni sakinləri əvvəlcə baytarlıq nəzarəti altında karantin şəraitində saxlanılmış, sonra isə onların təbii yaşayış mühitlərinə uyğunlaşdırılmış xüsusi volyerlərə köçürülərək adaptasiya mərhələsi tamamlanmışdır.

Pataqoniya marası əsasən Cənubi Amerikanın Argentina ərazisində, xüsusilə də Pataqoniya bölgəsində yayılmışdır. Növün yaşayış mühiti yarımsəhra tipli çöllər və kollarla örtülü ərazilərdən ibarətdir.

Morfoloji xüsusiyyətlərinə görə digər gəmiricilərdən daha uzun ayaqları və qulaqları ilə fərqlənirlər. Maralar müxtəlif hərəkət formalarına malik olub, adi yeriyişlə yanaşı, dovşanabənzər hoppanma və sürətli qaçış hərəkətləri də sərgiləyə bilirlər. Maksimal sürətləri saatda 55–60 kilometrə çatır ki, bu da təbii düşmənlərdən yayınmaqda mühüm rol oynayır. Göz almasının qabarıq yerləşməsi və görmə bucağının genişliyi növə ətraf mühitdə təhlükələri vaxtında müşahidə etməyə və sürətli reaksiya verməyə imkan yaradır. Eyni zamanda, yüksək adaptasiya potensialı Pataqoniya marasına temperatur dəyişikliklərinə qarşı dözümlülük qazandırır.

Sosial davranış baxımından maralar monoqam struktura malikdir –cütlüklər ömür boyu birlikdə qalır və sosial qruplar şəklində yaşayırlar. Təbiətdə Pataqoniya maralarının ömrü 7–10 il arasında dəyişir, lakin zooparklarda isə 14 ilə qədər arta bilər.

Qeyd edək ki, Pataqoniya maraları Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) tərəfindən “Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar” kateqoriyasında qiymətləndirir.