
Elan və Xəbərlər

KAPİBARA-BAKI ZOOLOJİ PARKININ YENİ SAKİNİ!
Dünyanın ən böyük dostcanlı gəmiricisi hesab olunan kapibaralar artıq Bakı Zooloji Parkındadır.
Belçikanın “Tropic Zoo” Heyvanat Parkından bir erkək iki dişi olmaqla, üç baş kapibara (Hydrochoerus hydrochaeris) gətirilib.
Yeni sakinlər ilkin olaraq, parkın karantin zonasında baytarlıq nəzarəti altında saxlanılmış, daha sonra təbii yaşayış mühitlərinə uyğunlaşdırılmış xüsusi volyerə köçürülərək adaptasiya prosesi tamamlanmışdır.
Bu növ əsasən Cənubi Amerikanın tropik və subtropik iqlim qurşaqlarında, xüsusilə su hövzələrinin yaxınlığında məskunlaşır və yarımsu həyat tərzi ilə seçilir. Barmaqları arasında yerləşən pərdəli quruluş isə onların üzmə bacarığını artıraraq su mühitinə mükəmməl uyğunlaşmasına imkan verir.
Kapibaralar digər gəmiricilərdən fərqli olaraq, ömür boyu uzanan həm kəsici, həm də köpək dişlərinə malikdirlər. Sərt qidaların gəmirilməsi bu dişlərin sabit ölçüdə qalmasına imkan yaradır. Onlar gündəlik olaraq bədən çəkilərinin təxminən 70 %-nə bərabər miqdarda bitki ilə qidalanırlar.
Sosial heyvanlar olan kapibaralar adətən 10-20 fərddən ibarət qruplarda yaşayır, ünsiyyət məqsədilə qoxu və müxtəlif səs siqnallarından istifadə edirlər. Təhlükə ilə qarşılaşdıqda suya daxil olaraq qorunmağa üstünlük verirlər.
Qeyd edək ki, kapibaralar Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) tərəfindən “Az qayğı tələb edən” kateqoriyasında qiymətləndirilmişdir.