
Elan və Xəbərlər

Bakı Zooloji Parkında ilk dəfə “Yaşıl izlər” layihəsi təşkil olunub
Bakı Zooloji Parkında ilk dəfə “Yaşıl izlər” layihəsi təşkil olunub.
Zooloji Parkda heyvanların morfologiyası, bioloji xüsusiyyətləri, ekologiyası, mühafizəsi və reintorduksiyası ilə yanaşı, bitki aləminin qorunması, yaşıllıqların artırılması istiqamətində də maarifləndirici tədbirlər həyata keçirilməkdədir.
“Yaşıl izlər” layihəsinin əsas məqsədi flora müxtəlifliyinin qorunması, vegetasiya mərhələləri və aqrotexniki baxımdan düzgün qulluq qaydaları haqqında biliklərin aşılanmasıdır. Eyni zamanda layihə çərçivəsində uşaqlarda təbiətə qarşı məsuliyyətli yanaşmanın və ekoloji mədəniyyətin formalaşdırılması hədəflənmişdir.Tədbirin ilk iştirakçıları Müasir İnnovasiyalar liseyinin birinci sinif şagirdləri olmuşdur.
Məktəblilər Zooloji Parkın ərazisində müxtəlif dekorativ gül və kol bitkilərinin əkilməsi prosesində iştirak edərək, bitkilərin suvarılması və onlara qulluq işləri ilə yaxından tanış olublar. Uşaqlara torpaq örtüyünün hazırlanması, bitkilərin düzgün əkilməsi, suvarma rejiminin təmin edilməsi, eləcə də ziyanverici orqanizmlərdən mühafizə üsulları haqqında nəzəri və praktiki məlumatlar verilmişdir.
Bu cür fəaliyyətlər şagirdlərdə ekoloji düşüncə tərzinin formalaşmasına, əmək vərdişlərinin inkişafına və ətraf mühitə qarşı həssas münasibətin yaranmasına töhfə verir.