
Elan və Xəbərlər

Ekologiya və Torpaqşünaslıq fakültəsinin tələbələri Bakı Zooloji Parkında
Bakı Zooloji Parkında Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin II kurs E010İ qrup tələbələri üçün “Heyvan ekologiyası” fənnindən mühazirə və seminar dərsləri təşkil olunub.
Tədris proqramına uyğun olaraq, tələbələr Zooloji Parkın lektoriyasında keçirilən mühazirə dərsində iştirak edərək, zooparkda məskunlaşan müxtəlif heyvan növləri, onların həyat tərzi, ekoloji xüsusiyyətləri və etologiyası barədə ətraflı məlumat əldə ediblər. Bununla yanaşı, gənclərə sürünənlər sinfinə mənsub olan saqqallı aqama, adi boa, eublefar, həşəratlar sinfinə aid Madaqaskar tarakanı və bir çox heyvan növləri ilə əyani şəkildə tanış olmaq fürsəti yaradılıb.
Tələbələr zoopark ərazisini bələdçi ilə birgə ekskursiya edərək, həm Azərbaycanın yerli fauna nümunələri, həm də müxtəlif coğrafi bölgələrə məxsus heyvan növləri ilə tanış olub, eyni zamanda Azərbaycanın “Qırmızı Kitab”ına daxil olunmuş, nəsli kəsilmək üzrə olan növlərin mühafizəsi, populyasiyalar üçün ekoloji təhlükələrin aradan qaldırılması, Zooloji Parkda həyata keçirilən reintroduksiya proqramı haqqında biliklər əldə ediblər.
Təhsil müəssisələrində keçirilən biologiya və ekologiya fənlərinin tədris fəaliyyətinin Bakı Zooloji Parkında təşkil olunması tələbələrə heyvanların ekoloji xüsusiyyətlərini bilavasitə müşahidə yolu ilə öyrənmək, nəzəri biliklərini praktik mühitdə tətbiq etməklə ekoloji proseslərə inteqrativ yanaşma imkanı yaradır. Bu cür yanaşma, gənclərin ekoloji dünyagörüşünün və sistemli təfəkkürünün inkişafına müsbət təsir göstərir.