Elan və Xəbərlər
Bakı Zooloji Parkında Xəzər Universitetinin tələbələri üçün keçirilən klinik təcrübə uğurla başa çatmışdır
Bakı Zooloji Parkı və Xəzər Universitetinin Təbiət Elmləri və Mühəndislik fakültəsinin birgə əməkdaşlığı çərçivəsində 9 oktyabr-1 dekabr 2024 tarixləri ərzində “Baytarlıq təbabəti” ixtisası üzrə təhsil alan V kurs tələbələri üçün tədris planına uyğun olaraq klinik təcrübə keçirilib.
Həm nəzəri, həm də praktiki aspektləri əhatə edən proqram tələbələrə baytarlıq sahəsindəki biliklərini real şəraitdə tətbiq edərək, heyvanların müalicəsi və baxımı ilə bağlı ətraflı məlumat əldə etmək üçün fürsət yaradıb. Təcrübənin istiqamətləri həm müasir dövrün tələblərinə uyğun, həm də təhsil müddəti ərzində əldə edilmiş nəzəri biliklərin tətbiqinə imkan verən praktik bacarıqların formalaşmasına yönəlmişdir.
Fəaliyyətin ilk günündə tələbələrə əmək mühafizəsi və təhlükəsizlik, Zooloji Parkın daxili nizam-intizam qaydaları ilə bağlı ətraflı təlimatlar verilib, mütəxəssislərin rəhbərliyi ilə baytarlıq klinikası, quşlar, məməlilər və akvaterrarium şöbələrində praktikada olublar. Gənclər Zooloji Parkda məskunlaşan heyvanların həyat tərzi, biologiyası, etologiyası, qida rasionu, xəstəliklərin etiologiyası haqqında geniş məlumatlar əldə edib, baytarlıq klinikasında müxtəlif heyvanların müayinə, müalicəsi, amputasiya və ovariektomiya kimi əməliyyatlarda iştirak ediblər.
Eyni zamanda, təcrübəçilər klinikada xəstəliklərdən və heyvan növündən asılı olaraq dərman dozalarının dəqiq təyin olunması və avadanlıqların düzgün istifadəsi, diaqnostik üsullar ilə bağlı məsələlərdə praktik bacarıqlarını artırıblar. Həmçinin, təcrübə heyvanlarını inspeksiya, palpasiya, perkussiya, auskultasiya və termometriya yoxlanışlarından keçirərək, elektro-kardioqrafiya (EKQ), ultrasonoqrafiya (USM) və rentgen müayinələri aparıblar.
Keçirilən təcrübələr gənclərin gələcək fəaliyyətlərinə mühüm töhfə verərək, yüksək ixtisaslı və peşəkar baytar kimi yetişmələrində vacib rol oynayacaqdır.