img
Bakı Zooloji Parkı

Elan və Xəbərlər

img

Bakı Zooloji Parkında əyləncəli şou proqram keçirilib 14.11.2026-cı il tarixində Bakı Zooloji Parkı və Bakı Abadlıq Xidməti uşaqlarda canlı təbiətə marağı artırmaq, onlarda heyvanlar aləminə sevgi və qayğı hissini gücləndirmək məqsədilə Bakı Zooloji Parkında növbəti maraqlı əyləncə proqramı keçirib.

Şənlik boyunca uşaqların əyləncəli və yaddaqalan gün keçirməsi üçün zəngin proqram hazırlanıb. Zooloji Parkın müxtəlif guşələrində təşkil olunan oyunlar və müsabiqələr ziyarətçilərin böyük marağına səbəb olub. Sehrbazların çıxışları, maskotların iştirakı və interaktiv viktorinalar tədbirə rəng qatıb, uşaqlara sevincli anlar yaşadıb.

Tədbir çərçivəsində uşaqlara yaradıcılıq bacarıqlarını nümayiş etdirmək imkanı da yaradılıb. Onlar təbii materiallardan oyuncaqların hazırlanması, bitki əkimi və üz boyama kimi müxtəlif ustad dərslərində fəal iştirak ediblər.

Maarifləndirmə komponenti də tədbirin əsas istiqamətlərindən biri olub. Zooloji Parkın lektoriyasında uşaqlara heyvanların həyat tərzini əks etdirən animasiyalar nümayiş etdirilib. Təbiətə qarşı məsuliyyətli yanaşmanı formalaşdırmaq və heyvanlara qarşı mərhəmət hissini aşılamaq məqsədilə uşaqlara bəzi heyvanlarla birbaşa təmasda olmaq, onları bəsləmək və qulluq etmək fürsəti də verilib.

Layihə çərçivəsində Bakı Zooloji Parkında hər ay uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq. Məqsəd hər ziyarəti uşaqlar üçün daha maraqlı, əyləncəli və unudulmaz etməkdir.
Əyləncə günləri həm xüsusi günlərdə, həm də adi günlərdə keçiriləcək. Tədbirlərlə bağlı elanlar Bakı Zooloji Parkının rəsmi sosial media səhifəsində paylaşılacaq.