
Elan və Xəbərlər

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Bakı Zooloji Parkında
Azərbaycan Turizm və Menecment Universitetinin Sosial-Menecment fakültəsinin bakalavr və magistr tələbələri Bakı Zooloji Parkında təşkil olunmuş praktiki məşğələdə iştirak ediblər.
Zooloji Parkın lektoriyasında keçirilən təqdimat zamanı tələbələrə Bakı Zooloji Parkının tarixi, inkişaf yolu, yenidənqurma işləri, müasir strategiyaları, eləcə də Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş, nəsli kəsilmək üzrə olan növlərin təbiətə qaytarılmasını hədəfləyən reintroduksiya proqramları haqqında ətraflı məlumatlar təqdim olunmuşdur.
Tələbələr baytarlıq klinikasında istifadə olunan müasir tibbi avadanlıqlar, onların işləmə prinsipləri və tətbiq edilən dərman preparatları ilə yaxından tanış olub, zoopark ərazisində keçirilən ekskursiya zamanı isə həm Azərbaycanın yerli fauna nümunələri, həm də müxtəlif coğrafi bölgələrə məxsus heyvan növlərini müşahidə ediblər.
Bu kimi praktiki məşğələlər tələbələrin ekoloji biliklərinin və ümumi dünyagörüşlərinin zənginləşdirilməsinə, həmçinin təbiətə qarşı şüurlu və məsuliyyətli münasibətin formalaşmasına mühüm töhfə verir.