HƏŞƏRAT EVİ
ZOOPARKIMIZIN KİÇİK SAKİNLƏRİ-HƏŞƏRATLAR Həşəratların təbiətdə rolu əvəzolunmazdır. Onlar çiçəklərin tozlandırılmasında, torpağın münbitliyinin qorunmasında, zərərvericilərlə bioloji mübarizədə və ətraf mühitin üzvi tullantılardan təmizlənməsində fəal iştirak edirlər. Xüsusilə arıların tozlandırıcı kimi rolu kənd təsərrüfatında mühüm əhəmiyyət kəsb edir, çünki istifadə olunan ərzaq məhsullarının 70%-dən çoxu tozlandırmaya ehtiyac duyan kənd təsərrüfatı bitkilərindən əldə olunur. SƏSSİZ BÖHRAN Son illər ərzində intensiv kənd təsərrüfatı, pestisidlərdən geniş istifadə, təbii yaşayış mühitlərinin məhv edilməsi və iqlim dəyişikliyi bir çox həşərat növünün sayının sürətlə azalmasına səbəb olmuşdur. Bəzi növlər artıq tamamilə yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. Nəticədə, məhsuldarlığın azalması, ərzaq çatışmazlığı və təbii ekosistemlərin pozulması riski yaranır. Həşəratlar üçün evlər kiçik canlıların yaşaması və çoxalması üçün təhlükəsiz yuvalardır. Evciklərdəki xırda dəliklər, ağac qalıqları, qozalar və yonqar yalnız material deyil, bir çox həşərat üçün sığınacaq və həyat deməkdir. Həşərat evində arılar yumurtalarını qoyur, böcəklər qışlayır, hörümçəklər və digərləri özlərinə daimi məskən tapırlar. NİYƏ HƏŞƏRAT EVİNDƏ FƏRQLİ “OTAQLAR” VAR? Hər bir həşərat növü müxtəlif ölçüdə, formada və materialda olan yuvalara üstünlük verir. Məsələn, arılar dar yerlərdə yaşayırlar. Böcəklər geniş yuvaları seçir, hörümçəklər isə sakit və təhlükəsiz guşələrə ehtiyac duyurlar. Milçəklər və bəzi güvə növləri yumşaq, nəmli mühitlərdə məskən salmağı sevirlər. Məhz bu fərqlilikləri nəzər alaraq, həşərat evinin “otaqları” müxtəlif materiallardan–kötük, qurumuş yarpaqlar, budaqlar, yonqar, qabıq və qozalardan hazırlanmışdır. Bu cür müxtəliflik həşəratların təbii yaşayış mühitlərini təqlid edir və onlara həm qışlama, həm də yumurta qoymaq üçün əlverişli şərait yaradır. Beləliklə, təkcə bir növ üçün deyil, bir çox həşərat növləri üçün sığınacaq olaraq, ətraf mühitdə təbii tarazlığın qorunmasına kömək edir. UNUTMAYIN! Ən böyük dəyişikliyi bəzən ən kiçik canlılar yaradır. Həşəratları qorumaq əslində, öz gələcəyimizi qorumaq deməkdir.
